Əlaqəli yazılar

Yaxşı işçilər niyə itirilir?

Bəlkə də, əsas işçilərdən biri bu dəqiqələrdə təşkilatınızı tərk edir. O, əlindən gələnin ən yaxşısını etdi, yaxşı işçi kimi yetişdi. Amma artıq onun üçün öyrənmə prosesi öz zirvəsinə çatıb, inkişafı dayanıb və yenidən canlanması üçün yeniliklərə ehtiyacı var. Bəlkə də, rəhbər olaraq siz heç nəyi dəyişmək istəmirsiniz. Çünki o, olduqca məhsuldardır, işini nöqsansız və vaxtında icra edir. Onun olduğu yerdə qalmasını istəyirsiniz. Bu isə onu itirmək deməkdir.

İşlərində inkişaf imkanları olmayan şəxslərin işə maraqları və nəticə etibarilə məhsuldarlıqları azalır. Bu halda onlar əhəmiyyətsiz olduqlarını düşünürlər. İşdən fiziki şəkildə ayrılmasalar da, zehni olaraq ayrılırlar. Təşkilat onlara investisiya qoymadıqca, onlar da təşkilata dəyər qatmırlar.

Bu problemin qarşısını necə almaq olar? Bunun üçün ilk növbədə hər bir işçini öyrənmə əyrisi çərçivəsində nəzərdən keçirmək lazımdır. İşçinin icra etdiyi hər bir vəzifənin “yararlılıq müddəti” var. Yeni vəzifəyə öyrənmə əyrisinin aşağı nöqtəsindən başlayırıq. Hər gün yeniliklərlə qarşılaşır, yeni bilik və bacarıqlar əldə edirik, təşkilata qatdığımız dəyər artır. Beləliklə, öyrənmə əyrisi boyunca zirvəyə doğru irəliləyirik və müəyyən müddətdən sonra həmin zirvəyə çatırıq. Bundan sonra öyrənmə əyrisi sabitləşir, düz xətt şəklində davam edir. Bu, tezliklə işə marağın azalacağı və performansın zəifləyəcəyindən xəbər verir.

Əksər vəzifələr üçün öyrənmə əyrisinin maksimal müddəti təxminən 4 ildir. Hər bir təşkilatın öyrənmə əyrisinin müxtəlif mərhələlərində olan insanlar toplusu olduğunu nəzərə alaraq komandanın tərkibini aşağıdakı kimi təşkil etmək məqsədəuyğun olar:

• Öyrənmə əyrisinin başlanğıcında olanlar – 15%;

• Öyrənmə əyrisi boyunca zirvəyə doğru irəliləyənlər – 70%;

• Öyrənmə əyrisinin zirvəsində olanlar – 15%.

Komandanın daim işinə bağlı üzvlərdən ibarət olması üçün öyrənmə əyrisinin zirvəsinə çatandan sonra onlara yeni öyrənmə əyrisinə keçmək şəraiti yaradılmalıdır. Çünki insan beyni təkcə məktəb illərində deyil, ömür boyu öyrənməyə meyillidir. Biz bilmədiyimiz bir şeyi öyrənirik, zamanla həmin sahədə püxtələşirik, daha sonra isə yeni bir şey öyrənmək istəyirik.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar