Əlaqəli yazılar

Zəif performansın idarə edilməsi

Qeyri-qənaətbəxş performans nümayiş etdirən işçilərlə onların fəaliyyətini müzakirə etmək çətin olsa da, problemin həll olunması üçün zəruri addımlar atılmalıdır. Bu cür performansın idarə edilməsi üçün tövsiyələrə diqqət yetirək:

1. Dərhal reaksiya verin.
Performansın olduğu kimi davam etməsinə imkan verməyin. Əks halda, problemi aradan qaldırmaq daha çətin olacaq.

2. Təkbətək müzakirə edin.
Təkbətək görüş zamanı işçinin fəaliyyətindəki çatışmazlıqları qeyd edin, ondan gözlənilən fəaliyyətlə cari fəaliyyəti arasındakı fərqi anladığına əmin olun. Görüşün qarşılıqlı müzakirə formasında keçməsinə şərait yaradın.

3. İşçini dinləyin.
İşçidən bu cür performans nümayiş etdirməsinin səbəblərini öyrənin. Səbəb bilik və bacarıqların çatışmazlığı, işlə bağlı və ya şəxsi problemlər ola bilər.

4. Həll yolunu müəyyənləşdirin.
Problemin həlli üçün hansı vasitədən istifadə ediləcəyi barədə razılığa gəlin.
Problem bilik və bacarıqlarla bağlıdırsa, çatışmazlıqları aradan qaldırmaq üçün işçi rəhbərin köməyinə ehtiyac duya bilər.
Şəxsi problemlərin həlli üçün isə işçiyə dəstək proqramından istifadə edilə bilər. İşçiyə dəstək proqramı işçinin performansına mənfi təsir edən şəxsi problemləri aradan qaldırmağa yardım etmək üçün nəzərdə tutulan proqramdır. Əvvəllər bu proqram əsasən alkoqollu içkilər və narkotik vasitələr qəbul edən işçilər üçün nəzərdə tutulsa da, hazırda şəxsi münasibətlər, ailə üzvlərinə qayğı, maliyyə və hüquqi problemlər, iş yerində zorakılıq kimi bir çox məsələləri əhatə edir.

5. Nəzərdən keçirin.
Təkbətək müzakirədən sonra işçinin performansını yenidən nəzərdən keçirmək üçün vaxt ayırın və performansının istənilən səviyyədə olub-olmadığını ona bildirin.

6. İzləyin və rəy bildirin.
Davamlı olaraq işçinin fəaliyyətini izləyin və müsbət irəliləyişləri ona bildirin. Zəif performansın idarə edilməsi işçinin davamlı inkişafı üçün bir imkan kimi qəbul edilməlidir.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar