Əlaqəli yazılar

Exceldə iş və qeyri-iş günlərinin sayının tapılması

Exceldə iki tarix arasındakı günlərin sayını DAYS funksiyası ilə, xalis iş günlərinin sayını isə NETWORKDAYS və NETWORKDAYS.INTL funksiyaları ilə tapmaq mümkündür. Qeyri-iş günlərinin sayını tapmaq üçün konkret funksiya olmasa da, qeyd olunan funksiyalardan istifadə etməklə bunu etmək mümkündür.

Həftə sonuna düşən günlərin sayının tapılması

Aşağıdakı cədvəldə başlanğıc və son tarixlər qeyd olunub. Həmin tarixlər arasında həftə sonuna düşən günlərin (şənbə və bazar) sayını tapmaq üçün belə bir funksiya yazmaq lazımdır. =DAYS(C2,B2)+1-NETWORKDAYS(B2,C2)

Funksiyanın açıqlamasına nəzər salaq:

  • DAYS(C2,B2)+1 funksiyası verilən tarixlər arasındakı bütün günlərin sayını tapır. Funksiyanın həm başlanğıc, həm də son tarixləri nəzərə alması üçün 1 əlavə olunur.
  • NETWORKDAYS(B2,C2) funksiyası şənbə və bazar günlərini həftə sonu qəbul edərək xalis iş günlərinin sayını tapır.

Beləliklə, yazdığımız funksiya iki tarix arasındakı günlərin ümumi sayından iş günlərinin sayını çıxaraq həftə sonuna düşən günlərin (şənbə və bazar) sayını hesablayır.

Əgər həftə sonları şənbə və bazar günləri deyil, həftənin başqa günləri hesab olunarsa, NETWORKDAYS.INTL funksiyasından istifadə etmək lazımdır. Məsələn, bəzi müəssisələr altı günlük iş rejimi ilə işlədiyindən verilən iki tarix arasında yalnız bazar günlərinin sayını tapmaq istəsək, belə bir funksiya yazmaq lazımdır. =DAYS(C2,B2)+1-NETWORKDAYS.INTL(B2,C2,17) . NETWORKDAYS.INTL funksiyasının üçüncü parametrinin 17 olması həftə sonunun yalnız bazar günü olmasını ifadə edir. Həftə sonlarının başqa günlər olmasından asılı olaraq funksiyanın üçüncü parametri kimi başqa seçimlər də edə bilərik.

Fərqli qrafiklər üzrə iş günlərinin sayının hesablanması

İş rejimindən asılı olaraq həftənin yalnız 2, 3, 4 günü işləyənlərin iş günlərinin sayını tapmaq üçün də NETWORKDAYS.INTL funksiyası istifadə olunur. Lakin bu halda üçüncü parametr fərqlənir.

Məsələn, iş günləri yalnız çərşənbə axşamı və cümə axşamı günləridirsə, iki tarix arasında iş günlərinin sayını belə tapmaq mümkündür: =NETWORKDAYS.INTL(B2,C2,“1010111”)

“1010111” (qoşa dırnaq işarəsi arasında yazılmalıdır) həftənin yeddi gününü ifadə edir. Burada, ilk rəqəm bazar ertəsini, sonuncu rəqəm isə bazar gününü əvəz edir. Sıfırlar iş günlərini, birlər isə qeyri-iş günlərini bildirir. Yalnız çərşənbə axşamı və cümə axşamı iş günləri olduğundan ikinci və dördüncü yerdə sıfırlar durur.

Əgər verilmiş iki tarix arasında bayram günləri də varsa, iş günlərinin sayını hesablayarkən NETWORKDAYS.INTL funksiyasının dördüncü parametri olaraq bayram günlərinin tarixlərini qeyd etmək lazımdır.

İki tarix arasında yalnız bazar ertəsinə düşən günlərin sayının tapılması

Verilən tarixlər arasında yalnız bazar ertəsinə düşən günlərin sayını hesablamaq üçün yuxarıdakı üsuldan istifadə olunur: =NETWORKDAYS.INTL(B2,C2,“0111111”) . Burada yalnız bazar ertəsini hesablamalı olduğumuzdan onu iş günü kimi qəbul edib sıfırla ifadə edirik. Bu üsulla fərqli iş rejimləri üzrə iş günlərinin sayını tapmaq mümkündür.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.