Əlaqəli yazılar

MH1: Maliyyə Hesabatlarının Təhlili

İlk olaraq maliyyə hesabatları və maliyyə hesabatlarının təhlili arasındakı fərqi müəyyən edək.

Maliyyə hesabatları – müəssisənin maliyyə vəziyyəti, onun fəaliyyətinin maliyyə nəticələri və onun maliyyə vəziyyətinin dəyişməsi barədə məlumat verir. Maliyyə hesabatlarına balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkətinə dair hesabatları misal deyə bilərik. Bu hesabatlar keçmişdə müəssisədə nə baş verdiyini göstərir.

Maliyyə hesabatlarının təhlili – əsas rolu müəssisənin maliyyə hesabatlarındakı məlumatlardan istifadə edərək iqtisadi qərarlar qəbul etməkdir. İqtisadi qərarlara misal olaraq investorun hər hansı bir firmanın səhmlərini almasını, hər hansı bir firmaya borc verilməsini, müəssisələrin birləşməsi qərarlarını və başqalarını göstərmək olar.

Maliyyə hesabatları əsas və əlavə maliyyə hesabatları olaraq iki başlıq altında qruplaşdırılır. Bu hesabatlar növbəti yazılarımızda ayrı-ayrılıqda daha ətraflı izah ediləcəkdir.

  1. Əsas maliyyə hesabatları

  • Mənfəət və zərər hesabatı
  • Balans hesabatı
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
  • Kapitalda dəyişikliklər hesabatı
  1. Əlavə maliyyə hesabatları

  • Maliyyə hesabatlarına qeydlər (dipnotlar)
  • Yardımçı cədvəllər
  • Rəhbərliyin müzakirə və təhlilləri
  • Rüblük və ya yarım illik hesabatlar
  • Proxy hesabatlar
  • Auditor rəyi

Maliyyə hesabatlarının təhlili 6 pillədən ibarətdir:

  1. Təhlilin məqsədi və konteksti – Bu pillədə aşağıdakı suallar cavablandırılır: Təhlil niyə həyata keçirilir? Məqsəd nədən ibarətdir? Təhlilin quruluşu necə olacaq? Hansı resurslardan istifadə ediləcək? Təhlilin aparılması üçün nə qədər vaxta ehtiyac var?
  2. Məlumatların toplanması – müəssisənin maliyyə hesabatlarından və müəssisənin daxil olduğu sektordan və ümumi iqtisadiyyata dair məlumatlardan əldə edilir. Bura müəssisə rəhbərliyi, istehsalçılar və istehlakçılar üzrə keçirilən sorğunun nəticələri və müəəsisənin veb səhifəsindəki məlumatlar da daxildir.
  3. Məlumatların emalı – toplanmış məlumatlar əsasında tələbərdən asılı olaraq müxtəlif əmsallar hesablanır və qrafiklər qurulur.
  4. Emal edilmiş məlumatların təhlili – emal edilmiş məlumatların izahı bu pillədə əks olunur. Yəni, 3-cü mərhələdə əldə edilmiş əmsalların, qrafiklərin və cədvəllərin nə məna kəsb etdiyi bu pillədə qeyd edilir.
  5. Hesabatlıq – təhlil edilmiş məlumatlara əsasən standartlara uyğun hesabatın hazırlanması və nəzərdə tutulan auditoriyaya təqdim edilməsi.
  6. Təhlilin yenilənməsi – yuxarida qeyd edilmiş mərhələlər mütəmadi olaraq təkrarlanmalı və nəticələr yenilənməlidir.


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.