Əlaqəli yazılar

ST2: Dəyişənlərin Növləri və Ölçü sistemləri

Dəyişənlər iki qrupa bölünür: keyfiyyət və kəmiyyət üzrə dəyişənlər.

Keyfiyyət üzrə dəyişənlər (kateqoriyalar üzrə dəyişənlər kimi də tanınır): dəyişənin aldığı qiymətlər kateqoriyalar üzrə olur. Misal: gözün rəngi – qara, qəhvəyi, göy; ailə vəziyyəti – subay, evli, boşanmış.

Kəmiyyət üzrə dəyişənlər (rəqəmlər üzrə dəyişənlər kimi də tanınır): dəyişənin aldığı qiymətlər kəmiyyəti göstərir. Bu dəyişənlər özü də diskretkəsilməz olur.

Diskret dəyişənin müəyyən mümkün qiymətlər çoxluğu (dəsti) vardır. Məsələn, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, metrodakı insanların sayı diskretdir. Diskret təsadüfi kəmiyyət hər hansı sonlu dəstdən qiymət alır və hər zaman sayılandır.

Kəsilməz dəyişənə nümunə olaraq havanın temperaturunu göstərə bilərik.  Belə ki, havanın temperaturu müəyyən intervalda kəsilməz qiymət ala bilər. Başqa bir misal olaraq növbədə durduğunuz vaxtı deyə bilərik. Kəsilməz  təsadüfi kəmiyyət sonsuz  sayda qiymətlər ala bilər və hər zaman ölçüləndir.

İlk görünüşdə dəyişənlərin keyfiyyət və kəmiyyət üzrə müəyyənləşdirilməsi asan görünsə də əslində bu heç də asan məsələ deyil. Dəyəcəyimiz misalda bunu daha da aydın anlayacaqsınız. Misal olaraq, “yaş” dediyimiz zaman hamımız kəmiyyət üzrə dəyişən olduğunu zənn edirik. Çünki insan yaşı rəqəm alır, misal olaraq 25 yaş, 1.9 yaş. Lakin, təhlil qruplar üzrə aparılmaq istənilirsə, misal: usaqlar, gənclər, orta yaşlılar və yaşlılar. Belə təqdirdə verlənlər kateqoriyalar üzrə olduğu üçün “yaş” keyfiyyət üzrə dəyişənlərə aid olur. Bu misal bir daha onu sübut edir ki, daha öncə də qeyd etdiyimiz kimi dəyişənin hər zaman istifadə mənası olmalıdır.

Statistikada keyfiyyət üzrə dəyişənləri ölçmək üçün nominal sıralama ölçü sistemlərindən, kəmiyyət üzrə dəyişənləri ölçmək üçün isə intervalnisbət ölçü sistemlərindən istifadə edilir.

Nominal ölçü sistemi: burada verilənlər kateqoriyalar üzrə heç bir sıralama olmadan təsnifləşdirilir. Bu sistemin çatışmayan cəhəti kateqoriyalar üzrə heç bir müqayisə aparıla bilməməsidir.

2.1

Sıralama ölçü sistemi: verilənlər müxtəlif kateqoriyalar üzrə sıralama nəzərə alınaraq təsnifləşdirilir. Bu sistemin çatışmayan cəhəti kateqoriyalar arasındakı fərqin nə qədər olduğunu hesablaya bilmir. Bu yalnız kateqorilardan hansının “yaxşı”, “daha yaxşı”, “daha çox üstünlük verilən” olduğunu göstərir.

2.2

İnterval ölçü sistemi: bu ölçü sistemində rəqəmlər arasındakı fəqlər mənalıdır. Nümunə olaraq Selsi şkalasını (temperatur ölçü sistemini) göstərə bilərik. Bu şkalada hər göstərici arasındakı fərq bir-birinə bərabərdir. Misal, 60 və 50 dərəcə arasındakı fərq 10 dərəcəyə bərabərdir, hansı ki bu da 80 və 70 dərəcə arasındakı fərqlə eynidir. Qeyd edək ki, interval göstəricilərini toplamaq və ya çıxmaq olar lakin, vurmaq və ya bölmək olmaz. Misal, 10 dərəcə + 10 dərəcə = 20 dərəcə temperatur, amma bu o demək deyil ki, 20 dərəcə tempratur 10 dərəcə temperaturdan 2 dəfə çox istidir.

İnterval ölçü sistemində “düzgün sıfır nöqtəsi” yoxdur. Misal, Selsi şkalasında 0 dərəcə (0°C) ilə Fahrenheit şkalasındakı 0 dərəcə (0°F) fərqli temperaturdur. Çünki, 0°C uyğun gələn temperatur 32°F-dir.

Nisbət ölçü sistemi: nümunə olaraq boyun ölçüsünü, çəkini, yaşı, gəliri, xərci və b. göstərmək olar. Bu ölçü sistemində “düzgün sıfır nöqtəsi” var. Sıfır düzgün məna bildirir, yəni, bu sistemdə sıfır heç bir şeyin olmaması deməkdir. 0 maaş, maaş almırıq deməkdir. İnsanın boyu, çəkisi, yaşı sıfır ola bilməz, bu qeyri-mümkündür.

2.3

2.4


Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.