Əlaqəli yazılar

Məzuniyyət sonrası adaptasiya problemi

Qeyri müəyyən və mürəkkəb iş mühiti çox zaman həyatdan zövq almağı tətil və təqaüd dövrlərinə saxlamağa sövq edir. Orta  hesabla günümüzün 8 saatını və həyatımızın isə 40 ilini işləməklə keçirdiyimizdən il boyu məzuniyyət dövrünü səbirsizliklə gözləyir və heç bitməyəcəkmiş kimi planlar qururuq. Lakin dönüş vaxtı gəlib çatan zaman dünya həqiqətləri ilə təmasa girmək gözəl bir yuxudan oyanmaq kimidir. Araşdırmalar göstərir ki, məzuniyyət sonrası işə dönənlərin 45% -i işə başlayan zaman kədərli, pessimist hiss etdiklərini və adətən uyğunlaşmaqda çətinlik çəkdiyini bildirir.

Bunun nəticəsində ilk iş günü  mövcud problemlərə tamamilə yad olur, nahar vaxtının gəlməsini səbirsizliklə gözləyir, qanadlarını çırpıb başımızın ətrafında uçan “istefa verib sahil qəsəbəsinə köçmək” xəyalları ilə günü keçirib, sonda isə tətil etməmişcəsinə hiss edilən yorğunluqla günü başa vururuq. Ancaq nə etmək olar iş biznesdir və yaxşı yaşamaq üçün pul qazanmaq lazımdır. Lakin mütəxəssislər bu tip adaptasiya problemlərinin təsirinin  minimuma endirilməsi üçün bir neçə üsul tövsiyyə edir:

  1. Növbəti tətilimizi planlaşdırmaq: Araşdırmalara görə, tətilin ən xoşbəxt hissəsi tətilin özü deyil, planlaşdırma mərhələsi, yaratdığı həyəcan və gözləmə hissidir. Beləliklə, hava limanında və ya evə uçarkən dərhal növbəti səfərimizi planlaşdırmağa başlaya bilərik
  2. Gündəlik həyata qayıtmağı asanlaşdırmaq: Məzuniyyət sonrası işə qayıtmaq həmişə çətindir, amma məzuniyyət öncəsi hər şeyi mümkün qədər səliqəli bir şəkildə tərk etdiyimizi bilmək rutinə dönməmizə kömək edəcək
  3. Tətil xatirələrimizi geri gətirmək: Yenidən iş masamıza dönən zaman bütün günümüzü ekran arxasında keçirməli oluruq. Səyahət zamanı çəkdiyimiz bir şəkli çap edib kompüterimizin yanına yapışdırmaq istirahət hissini təzələyib, o ana ən qısa zamanda yenidən dönmək üçün səy göstərməyimizə  ilham verəcək. Eyni zamanda xüsusi aplikasiyalar vasitəsi ilə şəkilləri seçib, fərqli zamanlarda elektron poçtla yada salmasını təmin etmək mümkündür
  4. Həftə sonu qaçışı: Növbəti tətilimizin bir də bir il sonra yüzlərlə mil uzaqda olması vacib deyil. Bəzən ehtiyacımız olan şey sadecə şəhərdən bir qədər uzaqlaşmaqdır. Regionların birində və ya paytaxt yaxınlığda dincəlməyə cəhd etmək yenilənməyə yardımçı ola bilə

                                                    Təbii ki, məzuniyyət sonrası işçilərin adaptasiya problemləri ilə üzləşməsinin başlıca səbəblərindən biri stresli iş şəraitidir. BMT-nin 1992 -ci il hesabatında “XX Əsrin Xəstəliyi” olaraq elan edilən stres təəssüf ki, 21 -ci əsrdə öz mövqeyini qorumaqda davam edir. Peşəkar həyatımızda stresin öhdəsindən gəlmək üçün stressiz bir iş həyatı arzulamaq əvəzinə, dəyişən şərtlərə uyğun duyğuları tənzimləmək və stresə səbəb olan stimulların təsirini azaltmaq yolu ilə lehimizə çevirmək bizim üçün daha faydalı olacaq. Stressin müxtəlif səbəbləri ola bilər. Bu səbəblər arasında ən önəmli faktorlar: işini itirmək, uzun iş saatları, inkişaf imkanları üçün qapalı bir iş mühiti, aşağı əmək haqqı və qiymətləndirilmənin  olmamasıdır. Amerika Psixoloji Dərnəyi  tərəfindən aparılan araşdırmaya görə işə götürənlər tərəfindən dəyərli hiss etdirilən işçilərin stresə düşmə halları aşağı düşmüş, məhsuldarlığı və iş məmnuniyyəti isə əhəmiyyətli dərəcədə yüksəlmişdir.

 

Bu istiqamətdə idarəçilər şirkət daxilində “komanda işinin səmərəli təşkili, ictimai tədbirlər təşkil etmək, fərdi və sosial səviyyələrdə mentorluq etmək, yeni gələnlərə uyğunlaşmağa kömək etmək, dəyişiklik proqramlarını dəstəkləmək və s ” üsullarla bu sahədə böyük yol qət edə bilər.

  • Əgər bu stresin mənbəyi işdəki məsuliyyətlərinizdirsə, sərhədlərinizi çəkin və məsuliyyətlərinizi təyin edin. Əlavə məcburi olmayan öhdəliklər götürməyin. İşdə vəzifə və məsuliyyətləri bölüşə biləcəyiniz həmkarlarınız olduğunu unutmayın
  • Stresin mənbəyinin zaman təzyiqi olduğu vəziyyətlərdə işə başlama vaxtından daha erkən gedərək, gün ərzində məşğul olacağınız bir mühitdə nə ediləcəyini sakit bir şəkildə araşdırıb planlaşdıra bilərsiniz
  • Həm iş yükünün azaldılması, həm də iş mühitindəki qarşıdurmalarda gözləntilərinizi açıq şəkildə ifadə edib, həmkarlarınızla pozitiv və açıq ünsiyyətdə olmağa çalışmaq daha məqsədə uyğundur
  • Yalnız işə diqqət yetirməklə stresdən yaxa qurtarmaq asan deyil. Bunun üçün özünüzə, ailənizə və sevdiklərinizə vaxt ayırıb, iş həyatı ilə şəxsi həyat arasında balans yaratmağa çalışın
  • Etdiyiniz hər işin nəticəsi mükəmməl olmaya bilər, səhvlər edilə bilər. Bu mərhələdə səhvin mənbəyini müəyyən etmək və sizin günahınız olduğu hallarda bunu qəbul etmək və bir daha təkrarlanmaması üçün çalışmaq vacibdir
  • İş həyatınızdakı çatışmazlıqlarınızı və bacarıqlarınızı stresinizin mənbəyi olaraq görürsünüzsə, onları müəyyən etməyə və həll etməyə çalışın. Bu mərhələdə həmkarlarınızdan və ya səlahiyyətli bölmədən dəstək ala bilərsiniz. Şəxsi inkişafınızı davam etdirmək sizə motivasiya verəcəkdir
  • Stresslə mübarizə aparmaq üçün fiziki və zehni metodlara da baş vura bilərsiniz. Bunun üçün problem həll etmə, vaxtın idarəedilməsi və ünsiyyət bacarıqlarınızı gücləndirilməsi, həmçinin nəfəs məşqləri və meditasiyalardan istifadə edə bilərsiniz

 

        Müəllif: Gülçin Mahmudzadə

 

 

Əlaqəli yazılar