1940-cı illərin sonu – 1950-ci illərin əvvəllərində Avropada menecment məsləhətçiləri tərəfindən Britaniyada və Qərbi Almaniyada yerləşən avtomobil istehsalı zavodlarını müqayisə edən bir neçə araşdırma aparılmışdır. Nəticədə məlum oldu ki, ən yaxşı alman zavodları ən yaxşı Britaniya zavodlarından dörd dəfə daha məhsuldar fəaliyyət göstərirlər. Əvvəlcə, Britaniyalı tədqiqatçılar aradakı fərqi alman zavodlarının yeni olması, İkinci dünya müharibəsindən sonra yenidən qurulması, Britaniya zavodlarının isə köhnə olması və 1930-cu illərdən qalan maşınlardan istifadə olunması ilə izah etdilər.
Bu nəzəriyyəni sübuta yetirmək üçün onlar eyni ölçülü maşınlar istehsal edən, həmkarlar ittifaqına malik olan, eyni texnologiya və materiallardan istifadə edən yeni Britaniya zavodları ilə yeni alman zavodlarını müqayisə etdilər. Aydın oldu ki, hər iki ölkədə ən yaxşı və ən pis idarə edilən zavodlar arasında yenə də dördün birə nisbətində məhsuldarlıq fərqi var.
Material və texniki faktorlarla izah oluna bilməyən bu fərq “X faktoru” adlandırıldı. Hazırda psixoloji faktor adlandırılan “X faktoru” 1960-cı illərdə menecmentdə inqilabi dəyişikliklərə gətirib çıxardı. 1930-cu illərin Böyük böhranına qədər menecmentdəki bütün irəliləyişlər texnologiya, elm və istehsal proseslərinin nəticəsi olmuşdur. İkinci dünya müharibəsindən sonra isə ən böyük irəliləyişlər menecment və psixologiya ilə bağlıdır. “X faktoru” bəzi şirkətlərin müvəffəqiyyətli olduğu halda digərlərinin uğursuzluğa uğramasının, hər bir sahədə mənfəətin 80%-nin şirkətlərin 20%-i tərəfindən qazanılmasının, istedadlı şəxslərin ən yaxşı şirkətlər tərəfindən cəlb edilməsinin səbəblərini izah edir.
Beləliklə, menecerlər performans və məhsuldarlığa təsir göstərən psixoloji amilləri nəzərə alaraq fəaliyyət səmərəliliyində nəzərəçarpacaq dərəcədə fərq yarada bilərlər.
Müəllif: Madam Helpful