Əlaqəli yazılar

İş axtarışı təşvişini azaltmaq üsulları

Əmək bazarında kifayət qədər savadlı və bacarıqlı iş axtaran namizədlərin olması rəqabəti artırır. Bu isə öz növbəsində iş axtaranları təlaşlandırır. İş axtarışı təşvişini aşağıdakı üsullarla azaltmaq mümkündür:

Dəstəkçilər tapın. Əhatənizdə pozitiv və sizə dəyər verən insanların olmasına diqqət yetirin. Bundan əlavə, Linkedin, Facebook və digər sosial şəbəkələrdə iş axtarışı qruplarına qoşula bilərsiniz.

Maliyyə vəziyyətinizə nəzarət edin. Büdcənizi və xərclərinizi nəzərdən keçirin. Hansı xərclərə qənaət edə biləcəyinizi müəyyənləşdirin.

Qrafiklə çalışın. İş axtarışı təlaşını artıran səbəblərdən biri də rejimimizin olmamasıdır. İş axtarışına da iş qədər ciddi yanaşaraq iş qrafiki təyin etmək lazımdır. Hər səhər və ya bir gecə əvvəl edəcəyimiz işlərin siyahısını hazırlamalıyıq. Siyahıya gün ərzində müraciət ediləcək işlərin sayı, CV hazırlamağa, “networking”ə, yeni biliklər öyrənməyə, istirahətə sərf olunacaq müddət daxil edilə bilər.

Real hədəflər müəyyənləşdirin. İş axtarışında əsas hədəf yeni bir iş tapmaqdır. Bu hədəfə çatmaq üçün kiçik və real hədəflər müəyyənləşdirmək lazımdır. Məsələn, həftə ərzində 15 vəzifəyə müraciət etmək.

Yeni bilik və bacarıqlar əldə edin. Yeni biliklər işə qəbul olmaq şansınızı artırmaqla yanaşı özünəgüvəni və motivasiyanı da artırır.

Uğursuzluqdan dərs çıxarın. Bəzən iş axtaranlar yüzlərlə CV göndərsələr də, heç birinə cavab almadıqlarından şikayətlənirlər. Əslində, imtinalardan dərs çıxarmağı öyrənməliyik. Əgər ümumiyyətlə CV-lərə cavab gəlmirsə, deməli, CV üzərində işləmək lazımdır. Əgər müsahibələrə dəvət alır, lakin uğursuz oluruqsa, deməli müsahibə bacarıqları üzərində işləmək lazımdır.

İstirahətə vaxt ayırın. Bütün günü davamlı olaraq iş axtarışına sərf etməklə keçirmək olmaz. Bu, əksinə, təşvişi daha da artırar. İdmanla məşğul olmaq, dostlarla görüşmək isə təşvişi azaltmağa kömək edə bilər.

Hazırladı: Madam Helpful

Əlaqəli yazılar