Əlaqəli yazılar

Mavi okean strategiyası

Mavi okean strategiyası yeni, rəqabətsiz bazar yaratmaq və onu ələ keçirmək strategiyasıdır. Çan Kim və Rene Moborn həmmüəllifi olduqları, bütün zamanların ən yaxşı strategiya kitablarından biri olan “Mavi okean strategiyası” adlı kitabda “qırmızı okean” və “mavi okean” anlayışlarından istifadə etmişlər.

Qırmızı okean bu gün mövcud olan fəaliyyət sahələrini – hamıya məlum bazarı ifadə edir. Qırmızı okeanda sərhəd müəyyənləşib və hamı tərəfindən qəbul edilib, oyunun mübarizə qaydaları məlumdur. Burada şirkətlər daha çox pay götürmək üçün rəqiblərini üstələməyə çalışırlar. Bazarda eyni məhsul və xidməti təklif edənlər çoxaldıqca mənfəət azalır, inkişaf zəifləyir, “qanlı” rəqabət güclənir. “Qırmızı okean” ifadəsi də “qanlı” rəqabətlə əlaqəlidir.

Mavi okean isə bu gün mövcud olmayan fəaliyyət sahələrini, heç kəsə məlum olmayan, rəqabətsiz bazarı ifadə edir. Burada sürətli inkişaf üçün geniş imkanlar mövcuddur. Mavi okeanda rəqabət əhəmiyyətsizdir, çünki oyunun qaydaları hələ müəyyənləşməyib. Mavi okean tədqiq edilməmiş bazarların böyük potensiala sahib olduğunu ifadə edən analogiyadır. O, geniş və dərindir.

Mavi okean strategiyasının tətbiqi aşağıdakı addımlardan ibarətdir:

· Fəaliyyət sahələrinin təhlili. Yeni trendlər və tələbləri müəyyənləşdirmək məqsədilə populyar sahələr və məhsullar dəqiqliklə təhlil edilməlidir. İstehlakçıların mövcud xidmətlərdən məmnunluq səviyyəsi ölçülməlidir.

· Problemi müəyyənləşdirmək. Təkmilləşdirilməsi mümkün olan məsələlər aşkar edilən kimi müştəriləri məmnun etmək üçün yeni həll yolları düşünülməlidir. Rəqiblərin səhvləri haqqında deyil, müştərilərin həyatlarını asanlaşdırmaq yolları haqqında düşünmək lazımdır.

· Dörd istiqamətdən ibarət olan strateji çərçivəyə riayət etmək:

1)Artırmaq. Mövcud sahədə nələr təkmilləşdirilə bilər?

2) Azaltmaq. Digər şirkətlərlə rəqabətin nəticəsi nə olub və biz bu nəticələri aradan qaldıra bilərikmi?

3) Ləğv etmək. Mövcud sahənin hansı cəhətlərini ləğv etmək lazımdır?

4)Yaratmaq. Şirkət başqalarının təklif etmədiyi nələri yarada bilər?

· İcra etmək. Yuxarıdakı 4 sual cavablandırıldığı halda strategiyanı tətbiq etmək zamanıdır.

Mövcud sahədə yenilik etmək heç də həmişə bazara tamamilə yeni məhsul çıxarmağı tələb etmir. Mövcud bazar şərtlərində dəyişiklik edərək mavi okean strategiyasını tətbiq etmiş 3 məşhur şirkəti nümunə göstərmək olar:

✔️ Netflix 1997-ci ildə – fəaliyyətinin ilk dövrlərində DVD-lərin icarəsi və satışı sahəsində rəqabət aparan şirkətlərdən biri idi. İnternetin inkişafı nəticəsində Netlix müştərilərə geniş film seçimi təklif edən yayım xidmətinə çevrildi. O, digər şirkətlərlə DVD mağazaları açmaq yolu ilə rəqabət aparmaq əvəzinə, internet vasitəsilə yüksək səviyyəli müştəri xidməti təklif etməyə fokuslandı.

✔️ Uber dünyanın 200-dən çox şəhərində fəaliyyət göstərən onlayn taksi xidmətidir. Şirkət yeni bir məhsul kəşf etməsə də, nəqliyyat sahəsində ənənəvi fəaliyyət istiqamətini dəyişdi, başqa sözlə, mavi okeana yelkən açdı. Uber digər taksi şirkətləri ilə rəqabət aparmaq üçün avtomobillər almır, sürücülərlə müştəriləri mobil tətbiq vasitəsilə birləşdirir.

✔️ Airbnb müxtəlif ərazilərdə evlər almaq əvəzinə, icarəyə verilən mövcud evləri vahid platformada təqdim edən, istifadəsi rahat onlayn xidmət yaradıb. Platforma ev sahiblərini və hotellərə alternativ olaraq icarəyə ev axtaran səyahətçiləri birləşdirir.

Beləliklə, mavi okean strategiyası istənilən şirkətin öz mavi okeanını yaratması üçün prinsipləri müəyyənləşdirir.

Müəllif: Madam Helpful