Əlaqəli yazılar

Liderlər öz performanslarını necə qiymətləndirirlər?

Liderlər vaxtlarının böyük bir hissəsini komanda üzvlərini qiymətləndirməyə sərf edirlər. Onlar işçilərin performansına, ünsiyyət bacarıqlarına və əldə etdiyi nəticələrə nəzarət edir və onlara qiymət verir. Uğurlu liderlər öz performanslarını da qiymətləndirməyə zaman ayırır və daim inkişaf yolları axtarırlar. Bu, biznesi və komandanı qiymətləndirmək qədər əhəmiyyətlidir. Liderlər öz liderlik performanslarını qiymətləndirmək üçün aşağıdakı üsullardan istifadə edə bilərlər:

İşçilərin rəy bildirməsinə şərait yaradın.

İşçilərin rəy bildirməsinə şərait yaratmaq liderin öz çatışmazlıqlarından və inkişaf ehtiyacından xəbərdar olduğunun göstəricisidir. Uğurlu liderlər əməkdaşlarına aşağıdakı sualları verirlər:

  • Uğurlarınızı daha yaxşı dəstəkləmək üçün nələr edə bilərəm?
  • Sizə kömək etmək üçün liderlik fəaliyyətimin hansı sahəsini inkişaf etdirməyə ehtiyac var?

Liderlər yalnız əməkdaşlarla görüşlər zamanı bildirilən fikirlərlə kifayətlənməməlidirlər. Bəzən yerindəcə rəylər bildirilməlidir ki, problemlər sürətlə həll olunsun. Məsələn, lider komanda üzvlərinə vacib bir elektron məktub göndərir, amma məktubun məzmunu aydın deyil. Əgər liderə bu haqda məlumat verilməsə, əməkdaşlar məktubun məzmununu yanlış anlayacaq və bu, işin nəticəsinə təsir göstərəcək. Açıq ünsiyyət korporativ mədəniyyətin tərkib hissəsi olmalıdır.

İşçilərin fikrini məharətlə öyrənmək lazımdır. Onlardan birbaşa rəylərini soruşmaqla nadir hallarda faydalı məlumat əldə etmək olar. Bunun əvəzinə konkret hallarla bağlı (Təklif etdiyim strategiya necə səslənir?), xoşagəlməz hallar bağlı (İclaslarda çıxış edənin sözünü tez-tez kəsirəmmi?), şəxsi təsirlə bağlı (Elektron məktubu aldıqda nə hiss etdiniz?) suallar ünvanlamaq və tövsiyələr almaq məqsədəuyğundur.

Şəffaf mühit yaratdığınıza əmin olun. Belə bir mühitin göstəricisi isə davamlı və faydalı rəylərin bildirilməsidir.

Refleksiyaya vaxt ayırın.

Rəylər möhtəşəmdir, amma heç də hər kəs liderin arxa səhnədəki fəaliyyətini görə bilmir. Buna görə də refleksiyaya vaxt ayırmaq vacibdir. Refleksiya şəxsin öz düşüncəsi, fəaliyyəti, xarakteri, həyata və dünyaya baxış tərzinə kənardan nəzər yetirməsidir. Refleksiya xaotik düşüncə prosesini aydınlaşdırmaqda və problem həll etmə strategiyalarını inkişaf etdirməkdə beyinə kömək edir. O həm də liderlərə hər şeyi daxildən və xaricdən görməyə şərait yaradır.

Bir çox liderlər refleksiyadan çəkinirlər, çünki nəticələrin xoşagəlməz olacağından ehtiyat edirlər və ya refleksiya prosesini və onun faydalarını dərk etmirlər. Refleksiyaya aşağıdakı addımlarla başlamaq olar:

  • Kəşflərinizi yazın. Qeydlər aparmaq zaman keçdikcə refleksiyanın əhəmiyyətini üzə çıxaracaq. Bu, irəliləyişi ölçmək üçün vacibdir.
  • Refleksiya zamanlarını əvvəlcədən planlaşdırın. Əksər hallarda vaxt çatışmazlığı bəhanə olur. Bunun qarşısını almaq üçün digər vacib işlər kimi refleksiyanı da planlaşdırmaq lazımdır.
  • Özünüzə doğru sualları ünvanlayın. Bəzi liderlər refleksiya zamanı hansı suallara cavab tapmalı olduqlarını bilmirlər. Növbəti məqalədə bu mövzuya toxunulacaq.
  • Refleksiyanın sizin dəyərli vaxtınızı aldığını düşünsəniz, xatırlayın ki, sakit refleksiya effektiv fəaliyyətə yol açır.

Vizyonunuzun aydın olduğuna əmin olun.

Komandanın şirkət vizyonunu nə dərəcədə anlamasını nəzərdən keçirmək liderlik fəaliyyətini qiymətləndirmək üsullarından biridir. Təşkilati vizyon çox əhəmiyyətlidir, çünki o, komandanın hansı istiqamətə getdiyini göstərir. Vizyon aydın olmadıqda heç kəs nə edəcəyini bilmir. Aydınlıq dedikdə şirkət bəyanatını əzbərləmək nəzərdə tutulmur. Vizyonun aydınlığı onu dərk etmək və onun ümumilikdə şirkətin  mədəniyyətinə və ayrılıqda hər bir şəxsə necə təsir etdiyini çatdırmaqdır.

Əgər komanda üzvləri vizyonu mənimsəməyiblərsə, liderliyin bu tərəfini dəyərləndirmək mümkün olmayacaq. Hər bir işçi vizyondan motivasiya almalıdır.

Beləliklə, rəylərə şərait yaratmaq, refleksiyaya vaxt ayırmaq və komanda daxilində vizyonun aydınlığını yoxlamaq vasitəsilə tez-tez liderlik fəaliyyətinizi qiymətləndirsəniz, daha uğurlu lider olmaq yolunda addımlayacaqsınız.

Müəllif: Madam Helpful