Əlaqəli yazılar

Liderlər necə dinləyir?

Dinləmə ünsiyyətin vacib hissəsidir və onun 3 əsas növü var:

1) Rəqabətli dinləmə – qarşı tərəfi dinləmək əvəzinə öz fikrimizi çatdırmağa çalışmaqdır.
2) Qeyri-fəal (passiv) dinləmə – qarşı tərəfi eşitmək və onun dediklərini təsdiqə ehtiyac duymadan anladığımızı hesab etməkdir.
3) Fəal (aktiv) dinləmə – qarşı tərəfin dedikləri ilə maraqlanmaq və onu doğru anlayıb-anlamadığımızı yoxlamaqdır.
Liderin vaxtının 50-60%-i dinləməyə sərf olunur. Yaxşı dinləyici olmaq üçün əsas olan sözlərə qulaq asmaq deyil, onların altında yatan mənanı anlamaqdır.

İclaslarda və ya təkbətək görüşlərdə liderlər aşağıdakı qaydalara riayət etməlidirlər:

• Diqqətlə dinləmək. Əsas mesajı almaq üçün bütün diqqəti danışana yönləndirmək lazımdır. Özünüzü dinləyirmiş kimi aparmaq işə yaramayacaq. Qarşı tərəf fikrinizin başqa yerdə olduğunu anlayacaq. Araşdırmalar göstərir ki, söhbət zamanı sözlər mesajın yalnız 7%-ni ötürür. Mesajın əsas hissəsi səs tonu (38%) və bədən dili (55%) vasitəsilə ötürülür. Danışana tərəf yönələrək bədəninizi dinləmə vəziyyətinə gətirin və müdaxilə etməyin.
• Cavab verməzdən əvvəl fasilə vermək. Danışan dayananda və ya müzakirədə fasilə yarananda onun fikrini yekunlaşdırdığını zənn edərək sözə başlamaq istəyi yaranır. Amma ola bilər ki, qarşı tərəf bir neçə saniyə ərzində fikrini cəmləşdirir. Bu halda sizin danışmağa başlamağınız onun nitqinə müdaxilədir. Sözə başlamazdan əvvəl bir neçə saniyə sükut etmək qarşı tərəfi dinlədiyinizi, onun fikirlərini nəzərə aldığınızı göstərir və onu daha yaxşı anlamağa kömək edir. Çünki o danışanda siz öz fikirlərinizlə məşğul olmursunuz.
• Aydınlaşdırmaq üçün sual vermək. Sual vermək qarşı tərəfi, həqiqətən, dinlədiyinizi göstərən metodlardan biridir. Bu həm də sizi zənnə qapılmaqdan çəkindirir. Əgər qarşı tərəfi doğru anladığınızdan əmin deyilsinizsə, ona suallar ünvanlayın. Məsələn, “Daha dəqiq desək, nəyi nəzərdə tutursunuz?” və s. Yaxud onun dediklərini öz sözlərinizlə təkrarlayın. Bu halda danışan sizin onu doğru anladığınıza əmin olacaq, əgər yanlış anlaşılma varsa, yenidən izah edəcək. Bu, fəal dinləmədir.

Əgər lidersinizsə və sizinlə danışmaq istəyirlərsə, qapını bağlayın, telefonu söndürün və diqqətlə dinləyin. Dinləmək nələr baş verdiyini öyrənməyin ən yaxşı yoludur.

Müəllif: Madam Helpful