Əlaqəli yazılar

HR peşəkar idmandan nələr öyrənə bilər? (2-ci Hissə)

2.    Performansın idarə edilməsi
Peşəkar idmanda performansa nə qədər əhəmiyyət verildiyi məlumdur. Diaqnostik alətlər, analizlər, idman analitikləri vasitəsilə həm idmançı, həm də oyun xırda detallara qədər təhlil olunur. İş yerlərində performansın idarə edilməsi sistemi də belə olmalıdır. Peşəkar idmançılar kimi işçilərin də ixtisaslaşdığı sahələr olmalıdır. Onların güclü tərəflərini maksimallaşdırmaq və çatışmazlıqları üzərində işləmək lazımdır, çünki işçinin performansı özü ilə yanaşı komandanın uğuruna da təsir edir.

Məşqçilər kimi liderlər də işçilərin güclü tərəflərini bilməli və onların peşəkarçasına inkişafına yardım etməlidirlər. Gərgin iş qrafiki ilə bunu etmək çətindir, lakin sükanı arxasında yaxşı lider olmayan komanda uğurlu ola bilməz.

3.    Tarazlıq
Peşəkar idmanla biznesin fərqi odur ki, peşəkar idmançıların istirahət dövrü olur. Biznes sahəsində də işçilərə məzuniyyət verilir, lakin işçilər məzuniyyətdə olanda da biznes öz fəaliyyətini davam etdirməlidir. Buna görə də işçilər iş və istirahət vaxtı arasında tarazlıq yaratmaqda çətinlik çəkirlər. İşçilərin yorğunluq əlamətləri üzə çıxdıqda onlara istirahət vermək lazımdır. Həvəssizlik, tez-tez iş buraxmaq, işə gec gəlmək və işdən tez çıxmaq, məhsuldarlığın zəifləməsi belə əlamətlərdəndir.

4.    Texnologiya
Fizioterapevtlər ən son texnologiya və metodlardan istifadə edərək idmançının sağalmasını sürətləndirirlər. Oyun meydançasındakı kameralar idmançılara təkmilləşdirmək üçün əvvəlki performanslarını izləmək imkanı yaradır.

Ən son texnologiyalar vasitəsilə təhlillər aparmaq insan resurslarının idarə edilməsini də asanlaşdırır. Bu yolla şirkətlər ən yaxşı işçilərin hansı mənbədən gəldiyini müəyyənləşdirmək və onların axtarışını sürətləndirmək, onların güclü tərəflərini tapmaq və çatışmazlıqları aradan qaldırmağa kömək etmək, fərqli ərazilərdə işləyən işçilər arasında dialoq yaratmaq imkanı əldə edirlər. Müasir texnologiyalar daha sürətli və daha dəqiq təhlillər aparmağa imkan yaradır.

5.    Ünsiyyət
Açıq, dürüst və vaxtında rəy verməyi təşviq edən iş yeri yaratmaq qabiliyyəti insan resursları komandasının ən güclü tərəfidir, lakin bəzən bu məsələ nəzərdə qaçırılır. Məşqçi idmançıya zəif tərəflərini bildirmək üçün mövsümün sonunu gözləmir. İşçiyə də zəif tərəflərini demək üçün illik performans qiymətləndirməsini gözləmək mənfi nəticələr verir.

Təşkilat daxilində işçilərlə daha çox müzakirələr aparmaq lazımdır. Hər bir layihənin sonunda komanda şəklində doğru və yanlış addımlar, qarşıya çıxan problemlər təhlil olunmalıdır.

Rəy bildirmək dedikdə yalnız səhvlərlə bağlı irad bildirmək nəzərdə tutulmur. Oyundan sonrakı müsahibələrdə müxbir yaxşı oyuna görə idmançını təriflədiyi kimi işçilərə də yaxşı işə görə təşəkkür etmək lazımdır.

Müəllif: Madam Helpful