1913-cü ildə fransız kənd təsərrüfatı mühəndisi Max Ringelmann insanlar üzərində maraqlı müşahidə apardı. O, insanlardan əvvəlcə tək-tək, sonra isə birlikdə kəndiri dartmağı xahiş etdi. Bu zaman o müşahidə etdi ki, insanlar qrup şəklində kəndiri dartarkən daha az səy göstərirlər. Beləliklə, Ringelmann effekti komanda böyüdükcə fərdi məhsuldarlığın zəifləməsini ifadə edir. Bu, bir çox şirkətlərdə rast gəlinən tendensiyadır.
Bizə əksər hallarda böyük qrupların daha çox nəticə əldə etdiyini öyrədirlər. Məktəbdə, işdə daha böyük hədəflərə nail olmaq üçün komandalar təşkil edirik. Komanda böyüdükcə daha çox işin icra olunacağını düşünürük və bir çox hallarda, həqiqətən, belə olur. Amma bəzən Ringelmann effekti özünü büruzə verir.
Komanda böyüdükcə üzvlərin fərdi performansını dəyərləndirmək çətinləşir. Əgər sizin işləyib-işləmədiyinizi heç kəs müşahidə etmirsə, onda ən asan yol heç nə etməməkdir. Nəticə etibarilə, başqası işlədiyi üçün iş icra olunur.
Hətta frilans işləyənlərdə də bu effekt müşahidə oluna bilər. Layihə təkbaşına icra olunursa, mütləq işləmək lazımdır, əks halda iş icra olunmayacaq. Amma layihə üzərində başqaları ilə birlikdə işləyərkən təzyiq azalır. Layihə uğursuz olsa belə, bu, heç də sizin səhviniz deyil. Beləliklə, məsuliyyət az olanda işləməyə motivasiya da azalır.
Ayrı-ayrı işlərin icrası zamanı Ringelmann effekti az hiss oluna bilər. Amma bu, ümumilikdə şirkətin məhsuldarlığına təsir edir. Layihələrin effektivliyi azalır, məsuliyyət tarazlığı pozulur. Şirkətlə yanaşı hər bir fərd də bunun təsirini hiss edir. Bəziləri işləmədiyi halda digərləri daha çox işləməli olur və bu, onların əhvalına təsir edir. Lakin heç bir iş görmədən əməkhaqqı alanlar da mənfi təsirlərdən kənarda qalmırlar. Növbəti layihələr zamanı ilk ağla gələn şəxslər onlar olmadığı üçün karyera yüksəlişinə nail ola bilmir, yeni bilik və bacarıqlar öyrənməkdən məhrum olurlar. Beləliklə, onlar da işdə özlərini məmnun hiss etmirlər.
Nəzərə almaq lazımdır ki, bütün işləri təkbaşına icra etmək mümkün deyil. Fərqli fikirlərə, fərqli bacarıqlara ehtiyac duyulur. Bəs komanda üçün ideal say neçədir? Hansı nöqtədən sonra məhsuldarlıq zəifləyir?
“Amazon”un baş icraçı direktoru Ceff Bezos kimi çoxları “2 pizza qaydası”ndan istifadə edir. Əgər komandanı 2 pizza ilə doydurmaq mümkün deyilsə, deməli, say çoxdur. Komandada üzvlərin optimal sayı 3-9 arasıdır.
Amma Ringelmann müşahidə etmişdi ki, bir şəxs hətta başqa bir şəxslə işlədikdə belə, onun səyləri azalır. Doğrudur, istənilən komandanın tərkibində fərdi məhsuldarlıq zəifləyir. Amma tamamilə komandasız işləmək də qeyri-realdır.
Ringelmann effektinin qarşısını almaq üçün bir sıra üsullar var. Bu üsullardan biri “sosial asanlaşdırma”dır. Belə ki başqaları bizi müşahidə edəndə biz fərqli davranırıq. Komanda daxilində hər kəsin töhfəsinə diqqət yetirilsə, hər kəsin daha yaxşı nəticə gösətərmək üçün motivasiyası olar.
Digər bir üsul isə hər kəsə əvəzolunmaz olduğunu hiss etdirməkdir. Hər bir komanda üzvü üçün hədəflər müəyyən olunsa, həmin hədəflərə nail olmadan işlər yarımçıq qalacağı üçün hər kəs layihənin uğurunun ondan asılı olduğunu düşünər və səylə çalışar.
Sadəcə əyləşib başqalarının işləməsini izləmək asandır, amma asan həyat heç də xoşbəxt həyat deyil.
Hazırladı: Madam Helpful