Əlaqəli yazılar

“Bu rəqəmsal marketinq ki, var, həm qəliz məsələdir, həm də maraqlı…” Tural Tağısoy

Bugün “Brend quruculuğu və Rəqəmsal Marketiq” mövzusuna toxunacıq. Təcrübələr göstərir ki, inkişaf etməkdə olan texnologiyaların da təsiri ilə iş həyatında uğur qazanmaq üçün önəmli meyarların başında, marketinq xidmətlərindən düzgün şəkildə istifadə etmək dayanır. Bəs, bu yol hansı yoxuşlara sahibdir? Qarşılaşa biləcəyiniz problemlər və həlli yolları nələrdir? və bu kimi bir çox suala  həmsöhbətim Tural Tağısoyla aydınlıq gətirdik. Qeyd edim ki, müsahibim marketinq mütəxəssisi olaraq  uzun illərdir fəaliyyət göstərmiş olub, bu sahəyə dair əsaslı uğurla imza atmışdır.

  • Brend nədir və quruculuğu zamanı izlənəcək  təməl adımlar hansılardır?

Marka, istehlakçının düşüncəsindəki fikirlər, assosiasiyalar və duyğular kompleksi olub, əsas məqsədi  şirkətin ehtiyac duyduğu fikri, assosiasiyaları, duyğuları istehlakçının düşüncəsində formalaşdırmaq olan bir marketinq strategiyasıdır. Strategiya şirkəti rəqiblərindən fərqləndirə biləcək bir ad, şüar, logo və digər dizayn nüansları (məsələn, müəyyən simvollar və rəng palitrası) yaratmağı əhatə edir. Marka yaratmaq və inkişaf etdirməkdə əsas məqsəd müştəri sadiqliyini artırmaqdır. Sadiq müştərilər öyrəşən, bağlanan, müəyyən bir şirkətdən  məhsul alan və bəzən sevdiklərinə tövsiyə edən insanlardır. Eyni zamanda, sadiq bir istehlakçı, analoqlarının olmasına baxmayaraq, tanış olduğu bir şirkətdən bir məhsul seçəcəkdir.

Klassik marketinqdə reklamın məqsədi müştəriləri satıcıya gətirmək idi. Müştərilər reklamı görüb mağazaya qaçmalı, ordakı satıcıdan bu brendin məhsulunu istəməliydi. Satıcı müştəriyə həmin anda başqa brendi də tövsiyə edə bilərdi. Reklama etibar az olduğundan müştərilərin satıcılara inamı daha yüksək idi. Satıcının satış bacarıqları satış prosesində özünü daha çox biruzə verirdi. Müasir marketinqdə hansı dəyişikliklər baş verdi? Ən böyük dəyişiklik satıcı rolunun brend ilə əvəzlənməsidir. Artıq müştərilər satıcıdan deyil brenddən alır. Satış nöqtəsində, onlayn mağazada satıcı fiziki varlıq olaraq yoxdur. Məhsul haqqında obyektiv məlumat almaq üçün satıcıya deyil, digər müştəri rəylərinə müraciət olunur. Məhsulu müştəriyə satıcı deyil, brend satır. Məhz brend müştəriyə məhsul haqqında hər tərəfli məlumat verir, onu alışa inandırır. Güclü brend eyni zamanda güclü satıcıdır. Güclü brend ağzını açmadan belə məhsulu satmağa bacarır. Rəfdə Nike Air görən müştəri heç düşünmədən, əlavə məlumat almadan 200 dollar çıxarıb bir idman ayaqqabısına xərcləyə bilər. Brendin gücü bundadır – fanatik dərəcədə brendə etibar edən müştəri və brend ilə müştəri arasındakı güclü emosional bağ.

  • Brendin uğur analizini necə müşahidə edə bilərik?

Ölkədə milli brendlərin yaradılmasını həvəsləndirməyin birinci yolu, brendlərimizin reytinqini hazırlamaqdır. Hal-hazırda biz, xarici təcrübələrə əsaslanaraq, Azərbaycan şirkətlərinin brend reytinqinin hazırlanma metodologiyasını qurmağa çalışırıq. Bunun üçün xarici təcrübələr öyrənilir və Azərbaycan əhalisi arasında brend amilinin, güclü brendin nə olduğunu başa düşmək üçün sorğular keçirilir. Ümumi olaraq ölkə brendlərinin reytinqini hazırlamaq üçün 4 əsas komponentə fikir verməyə düşünürəm. Bu amillər hansılardır?

Tanınma: Burada söhbət brendlərin tanınma səviyyəsindən gedir. Spontan tanınma: Yəni brendin “Top of Mind” olaraq ilk sual verildikdə nə deyilir;

İmic: Yəni brend haqda təəsüratlar nədir, müştəri məmnuniyyəti və s. Burada brendlə müştəri arasında olan münasibətlər öyrəniləcəkdir.

Xarici müştərilər razıdırlarmı, CS indexslər, ümumi müştəri rəyləri aiddir; Daxili müştərilər razıdırlarmı: Buraya əsasən işçilərin çalışdıqları şirkətdən razılıq dərəcələri aitdir. Bilirsiniz, işçi məmnun deyilsə, son müştəri məmnun ola bilməz. ArGe (R&D). Buraya brendlərdə araşdırma və gəlişdirmə fəaliyyətinin rolu təhlil ediləcək. Burada yeni məhsulların brend satışında payı, şirkət daxilində yeni məhsul yaradılma prosesi necə işləyir, məhsulun sürəti və ümumi qoyulan xərclər nəzərdən keçiriləcəkdir;

Coğrafi əhatə: Burada brendlərimizin təmsil olunduqları ərazilər təhlil ediləcək. Ölkə daxilində distribusiya faizi; Xarici bazarlarda iştirak faizi;

Beləliklə, ümumi olaraq hesab edirik ki, bu 4 komponent əsasında ölkəmizdə ilk dəfə, milli brendlərimizin reytinqini qurmaq olar. Metodologiya hələlik “çiydir” və hesab edirəm ki, tezliklə tam yekun nəticəyə gələcəkdir.

  • Marketinq strategiyaları qurulan zaman hansı amillər göz ardı edilməməlidir?

Zaman dəyişdiyi kimi, ənənəvi düşüncə də özünü, yeniləyir – modern olur. Marketinqdə də belədir. Nəzərə alsaq ki, marketinq müştəriləri – insanları başa düşmək qabiliyyətidir, deməli insanlar dəyişdikcə, marketinqə olan yanaşmalarda dəyişməlidir. Bugünün marketinqi necədir? Özündə hansı istiqamətləri birləşdirir?

Qeyd etmək lazımdır ki, hər bir peşədə olduğu kimi, marketinqdə də ənənəvi düşüncə özünü müasir dünya görüşünə uduzur. Müasir marketinq internet texnologiyalar, bulud texnologiyalar üzərində hərəkət edir. Müştəri bugün internetdədir, deməli marketinqdə internetdə daha aktiv və sistemli işləməlidir.

Bir vaxtlar bizim dillər əzbəri kimi bildiyimiz GRPlər, CPTlər və ya brend dəyərinin artırılması üçün lazım olan alətlər bugün yeni texnologiyalarla dəyişir. Marketinq biznesə ən yaxın fəaliyyətdir və heç təsadüfi deyil ki, sahibkarı ən yaxşı marketoloqlar başa düşə bilər. Başa düşməlidir. Yeni marketinq bizdən internet biliklərimizi artırmağı tələb edir.

  • Biraz da rəqəmsal marketinqin tarixini inkişaf yoluna  və tətbiq sahələrinə nəzər yetirək istərdim ?

Bu Rəqəmsal Marketinq ki, var, həm qəliz məsələdir, həm də maraqlı…

İngilis dilində «Digital Marketing» kimi bilinən Rəqəmsal marketinq – online dünyada, internet üzərindən aparılan marketinq prosesləridir. Şirkətin məhsul və ya xidmətinin internet vasitəsi ilə reklamı, satışı üçün göstərilən bütün fəaliyyət növləri də rəqəmsal marketinqə aiddir. “Digital Marketing”-in tarixinə nəzər salsaq görərik ki, ilk digital reklamların  təməli 1994-cü ildə “Banner reklamları” ilə qoyulub. 1994-cü ildə Hot Wired  jurnalında banner elanlarını yayımlanır və bu şəkildə rəqəmsal reklamın əsasları  qoyulmağa başlandı. 1 il sonra isə 1995-ci ildə ilk axtarış motoru olan “Yahoo” istifadəyə verilir. Texnologiyanın, internet dövrünün sürətlə inkşafı bir çox sahələrə mənfi və ya müsbət mənada öz təsirini göstərdiyi kimi  marketinqdən də yan keçmədi. Zaman keçdikcə artıq müxtəlif fəaliyyət sahələrinə bölünməyə başladı:

-SMM (Social Media Marketing); SEO (Search Engine Optimatizon); SEM (Search Engine Marketing); Kontent marketinq; Email marketinq; Displey reklamlar; İnflunser marketinq; Video marketinq; Remarketinq; Affilate marketing; E-ticarət və s.

  • Bu sahədə karyerasının başlanğıcında olan gənclərə nə kimi tövsiyyələr verərdiniz?

Yaradıcı  düşünmək ən önəmli məqamlardan biridir. Kreativ düşünüb, şablonları yıxın! Bundan əlavə daim axtarış edib, ciddi formada araşdırmalar aparmalıdırlar. Bu araşdırmalara yerli və xarici bazarın, eyni zamanda  rəqiblərin araşdırılması aid edilə bilər. Hər zaman axtarılan mütəxəssis olmaq istəyirsinizsə, üzərinizdə dayanmadan çalışmalısınız. Xarici ədəbiyyatların, internet resurslarının istifadəsi, bu sahədə önəmli işlər görmüş reklam agentliklerinin analizinin aparılması növbəti addım ola bilər. Son önəmli məqam isə müştərilərin düşüncələrini göz ardı etməmək və onlara lazımi dəyəri verməkdir.

 Müsahibəni hazırladı: Gülçin Mahmudzadə

Əlaqəli yazılar