Əlaqəli yazılar

“Ən gec III kursdan etibarən karyera planlamasına başlamaq lazımdır…” Sevda Məmmədova

Tədqiqatlar göstərir ki, insanın iş qabiliyyətinin və əmək məhsuldarlığının artması əmək şəraitinin yaxşılaşdırılması ilə birbaşa əlaqədardır. Müəssisələrdə bu istiqamətdə işin effektiv  planlaşdırılması və müvafiq tədbirlərın hazırlanması İnsan Resurslarının idarə edilməsi departamenin üzərinə düşür. Bugün “İnsan Resursları sahəsində heyətin effektiv idarə edilməsi” mövzunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İnsan Resurslarının idarə edilməsi departamentinin rəisi Sevda xanım Məmmədova ilə marağlı bir söhbət gerçəkləşdirdik. Həmsöhbətim dövlət və özəl sektorda İnsan Resurslarının idarəolunması sistemlərinin təkmilləşdirilməsi istiqamətində  27 illik yerli və xarici təcrübəyə malikdir.

  • Salam Sevda xanım,  universitetlərə qəbul mərhələsinin yenicə başa çatmasını nəzərə alaraq, bu sahəni seçən şəxslərə karyeralarının uğurlu olması üçün nə tövsiyə etmək olar?

İlk olaraq hər bir gəncə seçdikləri bu yolda  müvəffəqiyyət və uğur arzu edirəm. İnsan Resursları sahəsi ilə maraqlananlara  ən gec 3-cü kursdan etibarən karyera planlamasına başlamağı tövsiyyə edərdim. Bu istiqamətdə  könüllü olaraq dövlət və ya özəl təşkilatların təcrübə proqramlarında iştirak edib, şəxsi inkişaf  və  müvafiq dil, kompyuter biliklərini artırmağa çalışmaq önəmli amillərdən biridir. Eyni zamanda peşəkar formada CV hazırlamaq bacarığına yiyələnmək, onlara peşəkar yöndən təqdim etmək, düşünülmüş və işəgötürən üçün maraqlı məlumatları qeyd etməsinə töhvə verəcəkdir.

Bu sahə üzrə nəzəri biliklərinin artırılması, personal arasında konfliktlərin idarəolunması, liderlik qabiliyyəti və bir çox səriştələri əldə etmək üçün həftənin bir neçə günü qısa məqalələr oxuyub internet vasitəsi ilə praktik müsahibələri izləmək, online HR platformalarına qoşulmaq, müvafiq seminar, təlim və forumlarda iştirak etmək , həmçinin  AR Əmək Məcəlləsi və kargüzarlıq üzrə biliklərə yiyələnmək olduqca vacibdir.

  • Sizcə İR sahəsində ixtisaslaşmaq istəyən şəxslərdə ən çox hansı davranış səriştələri  olmalıdır?

Namizədlərlə görüş zamanı əsas diqqət yetirilən məqamlar, səmimi ünsiyyət yarada bilən  sağlam düşüncəli  və daim öz üzərində çalışaraq inkişafa meyilli olmasıdır. Bərabərində komanda ilə iş zamanı obyektiv, səbrli, təmkinli olmaq və rəhbərliklə münasibətlərin qurulması zamanı isə  inandırıcı, dəqiq və kritikaya açıq olmaq kimi xüsusiyyətlər də sadalana bilər.

  • “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də  işçilərin qəbul prosesi necə həyata keçirilir?

Personalın planlaşdırılması hər ilin sonunda növbəti il üçün hazırlanmaqda olub, ilkin mərhələdə kadr rezervinin yaradılması üçün ildə ən azı 4 dəfə təlabata uyğun vakansiyaları veb-səhifəmizdə yerləşdiririk.  Növbəti mərhələdə müraciətlər toplanıb analiz edilir və hər bir müraciət  elektron formada cavablandırılır.

İkinci mərhələdə isə  test, müsahibə və sınaq  imtahanları keçirilir. Hər birini uğurla başa vuran və keçid balını toplayan namizədlər işlə təmin olunur. Həmçinin təlabatdan artıq olan uyğun namizədlər daxili ehtiyat kadr bazasında (EKB) qeydiyyata alınır və növbəti yaranan vakansiyalara birbaşa yönəldilir.

  • Bəs namizədlər üçün  iş imkanları və kariyera baxımından hansı fürsətlər yaradılıb ?

ASCO-nun tabeliyində  Azərbaycan Dövlət Dənizçilik Akademiyası və Azərbaycan Dənizçilik Kollecinin strukturu mövcuddur. Ona görə də demək olar ki, kadr çatışmazlığı riski aradan qaldırılıb. Tədris  müddəti ərzində tələbələr üçün nəzəri və praktik baxımdan lazimi şərait yaradılmış, əlaçı və ya zərbəçi olanlara birbaşa  zəmanət məktubu alaraq  işlə təmin olunma imkanı yaradılmışdır. Həmçinin  şəffaf karyera inkişafı proqramı və tələbəlik dövründə əlavə təqaüd proqramlarının  tədbiqi mövcud fürsətlərdən sadecə bir neçəsidir.

  • Müəsisələrdə kadr bazasının əmək məsuldarlığını artıracaq motivasiyanı təmin edən hansı inkişaf strategiyası  izlənə bilər?

Əmək məhsuldarlığını artırmaq üçün motivasiya və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi olduqca önəmlidir. İldə bir dəfə “Xidməti Fəaliyyətin Qiymətləndirməsi”prosesi işlənməlidir.  Xüsusi müəyyənləşmiş hədəflər və təlim ehtiyaclarını nəzərə alaraq  inkişaf proqramı hazırlanıb, tətbiq olunmalıdır. İstehsalatda yeni tələblərə uyğun innovativ tədbirlərin təşkili planlaşdırmalı, istifadə olunan avadanlıqlar və proqram təminatı yenilənməli və personalın adaptasiyası həyata keçirilməlidir.

  • Kariyeranıza ilk başladığınız zamanla hazırkı dönəmi müqayisə etsəniz, sizcə sənətinizin ən çətin və asan tərəfləri nə oldu? Əgər fürsətiniz olsaydı o Sevdaya nə məsləhət verərdiniz?

Özümü xoşbəxt hesab edirəm,  çünki tələbə olan zaman könüllü  olaraq başladığım ilk təşkilatda  örnək və dəstək olan peşəkar rəhbərlərlə çalışmaq fürsəti əldə etdim. Proqram çərçivəsində  2 il ərzində gələcək  karyerama  təkan verən tələbkar, məsuliyyəti hiss etdirən, təcrübəsini sevərək bölüşən, iş təcrübəsində səhvlərin üzərində düşünmək və aradan qaldırmaq üçün şərait yaradan rəhbərlə işləmək fürsəti əldə etdim. Bu çətin, lakin bir o qədər də maraqlı və unudulmaz  idi.

Kariyeramın başlanğıcı 90-cı illərə təsadüf etdiyindən   çətin anlar  və qeyri-stabil  qısa müddətli layihələrin olması ilə yaddımda qalıb.Hər bir gənc kimi mən də məzuniyyət sonrası mövcud  çətinliklərə sinə gərib, təklifləri  təhlil edir gələcək karyeramı planlamağa çalışırdım.Həyatımda hər zaman tövsiyə və təkliflərə açıq , birbaşa insanlarla ünsiyyət qurmağa meyilli insan olmuşam. Bu da mənim üçün HR sahəsində işimi asanlaşdıran məqamlardan biri olub. Qərarlarımı ədalət və obyektivlik prizmasında vermək, insanlara isti və qayğıkeş münasibət göstərmək, səmimi hiss etdirmək əsas öncəliklərim sırasında olub.

Sevdaya isə onu deyə bilərəm ki, özünəməxsus xarizmanı qoruyub saxlamaq, ədalət prinsiplərinə üstünlük vermək və özündən başqa heç kimə güvənməmək bu yolda əsas bələdçin olsun. Çalış psixologiya  sahəsi ilə maraqlan və bacarırsansa bu üzrə  peşə təhsili al.

 

Müsahibəni götürdü: Gülçin Mahmudzadə

Əlaqəli yazılar