Əlaqəli yazılar

O Qurbağanı Ye…!

 

Həyatda nəyə nail olacağınız əsasən seçim etmək bacarığınızdan asılı olacaqdır. Əgər siz də indiki insanların əksəriyyətinə bənzəyirsinizsə onda, görüləcək işlərin çoxluğundan və zamanın azlığından əziyyət çəkirsiniz. İşlərinizi çatdırmaq üçün mübarizə apararkən yeni işlər və öhdəliklər yağışdan sonra çıxan göbələklər kimi aramsız olaraq peyda olur. Buna görə də heç zaman, görməli olduğunuz işlərin hamısını görə bilməyəcəksiniz.

Seçim etmək ehtiyacı

Prioritetlər müəyyən etmək və vacib işləri tez bir zamanda bitirmək bacarığına malik adi insan, möhtəşəm planlar quran və ətraflı danışan, lakin az iş görən dahidən daha uğurlu olacaqdır.

Qurbağalar haqqında həqiqət

Belə bir deyim var ki, əgər hər gün bir diri qurbağa yeməklə günə başlasanız, gün ərzində başınıza gələcək pis şeyin məhz bu olduğunu düşünərək rahat yaşamış olarsınız. Sizin “qurbağanız” sizi ən çox narahat edən, ən vacib və böyük ehtimalla yubadacağınız işdir. Və eyni zamanda həmin iş nəticələrinizə ən çox pozitiv təsiri olacaq bir işdir. Əgər qarşınızda iki işiniz varsa, ilk növbədə ən çətin, xoşagəlməz və vacib olanı edin. Özünüzü,  dərhal başlamağa və işi tam bitirənə kimi diqqətinizi ondan ayırmamağa məcbur edin. Bunu imtahan kimi qəbul edin. Daha asan işlə başlamaq həvəsinizin qarşısını alın.

Yüksək bacarıq və effektivliyə nail olmağın açarı hər səhər ən vacib işinizi müəyyən edib diqqətinizi onun üzərinə cəmləşdirmək adəti yaratmaqdır. Bütün digər işlərdən öncə “o qurbağanı yeməyi” və bunu uzun-uzadı düşünmədən etməyi gündəlik adətə çevirin.

Dərhal işə başlayın

Daha çox qazanan və daha sürətli karyera inkişafına malik olan insanların araşdırılması nəticəsində “fəaliyyətə istiqamətlənmə”nin onların əsas xüsusiyyətləri olduğu müəyyən edilmişdir. “İcra yetərsizliyi” təşkilatların bu günə olan ən böyük problemləridir. İnsanların əksəriyyəti fəaliyyətlə nailiyyəti səhv salır. Onlar uzun-uzadı danışır, saysız yığıncaqlar keçirir, möhtəşəm planlar qurur, lakin yekun nəticədə heç kim lazım olan nəticələri verəcək işi görmür.

Uğur adətlər formalaşdırıb, pozitiv alışqanlıqlar yaradın

Həyatda və işinizdə qazanacağınız uğuru zamanla formalaşdırdığınız adətləriniz müəyyən edəcək. Prioritetlər müəyyən etmək adəti, yubatmanın qarşısını almaq adəti və vacib işləri sonuna kimi bitirmək adəti mental və fiziki bacarıqlardır. Daimi praktika vasitəsilə bu bacarıqları adət halına sala bilər və xarakterinizə hopdura bilərsiniz. Buna nail olduqda həmin işlərin yerinə yetirilməsi avtomatik və olduqca asan olur.

Tamamlanmış iş nə qədər əhəmiyyətli olarsa özünüzü bir o qədər xoşbəxt, inamlı və güclü hiss edərsiniz. Əhəmiyyətli işi bitirmək beyninizə endorfin ifrazını artırır. Bu endorfin sizə təbii yüksəklik verir. Siz əslində, aydınlıq, əminlik və səriştə hissləri verən endorfinə “pozitiv alışqanlıq” yarada bilərsiniz. Bu alışqanlığı yaratdığınızda, alt şüur səviyyəsində həyatınızı, daim daha vacib işləri başlayıb sona çatdırmaq yönümündə təşkil etməyə başlayacaqsınız. Yaxşı mənada uğur və fədakarlığa alışqanlığınız olacaq.

Qısa yol yoxdur

Bir nəfər Nyu Yorkda küçə musiqiçisindən Karnegi Hola necə gedə biləcəyini soruşur və musiqiçi cavab verir: “Praktika dostum, praktika”. Praktika istənilən bacarığa yiyələnməyin əsas yoludur. Xoşbəxtlikdən beynimiz əzələ kimidir. İşlətməklə daha güclü, daha qadir edə bilərik.

Yeni adət formalaşdırmağın üç xüsusiyyəti

Diqqət və konsentrasiya adəti formalaşdırmaq üçün sizə, öyrənilməsi mümkün olan üç keyfiyyət lazımdır. Bunlar qərar, intizam və qətiyyətdir. Birinci, tapşırığı bitirmək adəti formalaşdırmağı qərara alın. İkinci, öyrənəcəyiniz prinsipləri xarakterinizə hopana kimi təkrarlamaq intizamı formalaşdırın. Üçüncü, adət tam formalaşana kimi gördüyünüz bütün işləri qətiyyətlə möhkəmləndirin.

Özünüzü olmaq istədiyiniz kimi vizuallaşdırın

Daim hərəkətə istiqamətlənmiş, çevik və diqqətli insan olduğunuzda əldə edəcəyiniz mükafatlar haqda düşünüb, özünüzü vacib işləri vaxtında və yüksək səviyyədə bitirən insan kimi görün. Mental özünü təsəvvürünüzün hərəkətlərinizə güclü təsiri vardır. Özünüzü gələcəkdə olmaq istədiyiniz insan kimi vizuallaşdırın. Xarici aləmdəki bütün inkişafınız daxili aləmdəki inkişafınızdan, mental təsəvvürünüzdən başlayır.

 Unutmayın ki, sizin yeni bacarıq, adət və qabiliyyət öyrənmək imkanınız sonsuzdur…

O qurbağanı yeyin!

 Gülçin Mahmudzadə

İstifadə olunmuş  ədəbiyyat :  Brian Tracy- “Eat That Frog! 21 Great Ways to Stop Procrasting and Get More Done in Less Time”

 

 

Əlaqəli yazılar