Əlaqəli yazılar

İnsanların pulsuz kontentə rəğmən təlim götürməsinin 6 səbəbi

Əziz oxucumuz,

İnnab Mindlab komandası olaraq sizi salamlayırıq. Daha əvvəl də də müzakirə etdiyimiz kimi komanda olaraq qərara gəlmişik ki, öz daxili araşdırma, hədəf, səhv, onları aradan qaldırmaq üçün etdiyimiz uğurlu və uğursuz cəhdləri ictimaiyyətlə paylaşaq.

Məqsədimiz:
1. Həmişəki kimi biliyimizi paylaşmaq;
2. Təhsil biznesi ilə məşğul olanlara öz töhfəmizi vermək;
3. Auditoriyamızla şəffaf kommunikasiya aparmaq
4. Müştərilərimizlə münasibətdə daha səmimi olmaqdır.
İlk iki məqsəd zahirən əleyhimizə görünə bilər. Bu günə qədər yaşadığımız təcrübəyə isə bizə reallığın gözləniləndən fərqli olduğunu göstərib. Düşünürük ki, bu addımı atmaqla cəmiyyətimiz üçün faydalı olan, sağlam və dostcasına rəqabət aparan təhsil şirkətlərinin inkişafında səbəb ola bilərik. Nəticədə həm onlar, həm də biz davamlı inkişaf edə bilərik.
Səhvlərimizi, onları aradan qaldırmaq üçün etdiyimiz uğurlu və uğursuz cəhdlərimizi sizinlə paylaşmaqda məqsədimiz isə yuxarıda göstərdiyim 3-cü və 4-cü maddədə göstərilən nəticəyə nail olmaqdır. Yəni, loru dillə desək, demək istəyirik ki, bizdə hər şey heç də göründüyü qədər əla deyil, amma əla olması üçün hər ötən saat çalışırıq 🙂.
Düzəldə bilmədiyimiz məqamlarla bağlı isə sizinlə şəffaf müzakirəyə çıxacağıq. Əminəm ki, yaratdığımız sinerji sayəsində mütləq inkişaf edəcəyik.

İndi isə sizinlə ilk araşdırmamızın nəticəsini paylaşırıq.

Bildiyiniz kimi biz – İnnab olaraq təhsil bazarına yaratdığımız kontentlər sayəsində 7 ildir ki, təlim sektorundayıq. İlk fəaliyyətimiz tamamilə başqa sahədə idi. Kiçik və orta bizneslər üçün proqram təminatı hazırlayıb satmağı düşünürdük. Bu işlə bağlı müəyyən nəticələrimiz də var idi.

Öz biliklərimizi paylaşmaq üçün yaratdığımız innab.org bloqunda müxtəlif mövzulara dair məqalələr yerləşdirməyə başladıq. Daha sonra isə “55 dərsə Excel” layihəmizi reallaşdıra bildik. Bu layihədə Excelə aid olan lazım olan biliklərimizi heç bir məhdudiyyət olmamaqla paylaşdıq. Yəni, “Müəyyən hissəsini öyrədək, digər hissələrini təlimə gəlsinlər öyrədərik” prinsipini tətbiq etmədik. Əksinə, hazırda da kanalımızda olan video dərslərdə təlim mərkəzimizdə gedən təlim planında olan mövzulardan daha çox bilik paylaşmışdıq. Bloqumuzu oxuyan, video dərslərimizə baxan dostlarımız bizdən təlim keçməyi bir növ tələb etməyə başladılar. Hər dəfə təlim mərkəzi açmaq kimi biznes ideyası gələndə komanda üzvlərimiz o fikri rədd edirdi 🙂 Amma, zamanla bunun labüd olduğunu düşündük və təhsil biznesinə başladıq.

Müasir dövrdə kifayət qədər digər beynəlxalq və yerli təlim platformaları var. Onlardan istifadə edərək yeni biliklər əldə edə, mövcud biliklərimizi inkişaf elətdirə bilərik. Ölkəmizdə də yaranan yeni keyfiyyətli kontentlərin sayəsində öz-öyrənə öyrənə bilən (“self-study” bacarığı olan) şəxslər öz bazar qiymətlərini artıra bilərlər.

Sual oluna bilər, “İnsanlar niyə bu qədər pulsuz kontentə rəğmən təlim götürürlər?

Açığı bu sual bizə də hər zaman bizə maraqlı olub. Bu məsələnin sirrini bu yazımızda sizinlə paylaşmaq istəyirik.

1. Qarışıq, sistemləşdirilməmiş məlumatları başa düşmək qarşı tərəfə çox zaman çətin olur

Gündəlik həyatda hər bir şəxs çoxlu və qarışıq informasiyalarla qarşılaşır. Bu mövzuların ardıcıllığını, yəni hansı mövzunu hansı mövzudan sonra öyrənməyin lazımlı olmasını tam başa düşmək üçün hər kəsdə kifayət qədər təcrübə olmur. Fokuslanmaq isə hər işdə olduğu kimi təlim götürməkdə əsas məqamlardan biridir. İnsanlar o qədər informasiya ilə qarşılaşırlar ki, nəyin doğru nəyin yanlış olduğunu bilmirlər.
Təlim biznesinin sahibi kimi sizin ilk işiniz ən önəmli və faydalı məlumatları tələbələri onları çətinə salmadan, bezdirmədən ardıcıl oxunmasını, təlimçinin biliyinin ən rahat və məntiq ardıcıllığı ilə ötürməsini təmin etməkdir.

2. İnsanlar psixoloji olaraq ödənişli bir məhsulun, pulsuzdan üstün olduğunu hesab edirlər.
Adətən pulsuz versiyada bəzi məlumatların kəsildiyini düşünən kütlə pullu versiya almağı daha ağlabatan hesab edir. Pulsuz kontentlə bağlı məsuliyyət hissləri olmur, pullu təhsili isə davam etdirməyə çalışır və əksər hallarda yaxşı nəticə əldə edir. Bu da sizin şirkətə şayə marketingi və ya referal qazandırır. Təlim mərkəzin idarə edəndən burda tələb olunan əsas iş məhsula layiq olduğu qiymətdən çəkinməməsidir.

Şəxsi təcrübəmizdən faydalanaraq deyə bilərik ki, İnnabda bir çox layihələr işləyib hazırlamışıq. Maddi imkanı olmayan şəxsləri müxtəlif kampaniyalar, layihələr çərçivəsində təlimlərə cəlb etmişik. Amma, adətən ən zəif nəticə göstərənlər də elə həmin şəxlər olub.

3. Öyrənənlərin bəziləri tək yolçuluğu sevmir.

Onlar düşünür ki, təlimi almaqla təlim biznesi ilə məşğul olan şəxsə, o məşhur simaya və onu təqib edən tələbələrə çıxış yaranacaq və beləliklə dərdini anlada biləcək bir icmaya daxil olacaq. Deməli, bu biznes sahibləri öz müştərisinin tək olmadığı hissini onlara hər zaman xatırlatmalıdır.

4. Böyük zaman udmaq, daha asan marafon və birbaşa giriş.

Özü öyrənən insanlar yaxşı materialı tapmağa, eyni məsələ ilə bağlı müxtəlif mənbələri araşdırmağa, ara-sıra ertələmə məsələlərinə görə daha uzun müddət təhsil alırlar. Onlar düşünürlər ki, təlim mərkəzlərinin konkret müddəti ərzində özləri üçün zaman çərçivəsi müəyyən edərək bu işi tez bir zamanda tamamlaya bilərlər. Deməli, sahibkar təlimin təşkili üzrə mütəxəssislərdən daha optimal vaxtda daha zəngin içəriyə malik təlim planı təmin etmələrini istəməlidir.

5. Nəzarətə ehtiyac duyurlar.

Əksər insanlar onu idarə edəcək, daim valideyn kimi dəstək olacaq bir mentora ehtiyac duyarlar. Bu onlara həm dərsləri başa düşməyə, həm də motivasiyadan düşməməyə görə lazımdır. Deməli, təlim mərkəzinin rəhbəri nəzarəti təmin edəcək alətlərdən gündəlik tədris müddətində istifadə etməlidir.

6. Əlaqələrdən istifadə etmək. 

Bəzi ağıllı tələbələr yaxşı başa düşür ki, yeni imkanları qazanmaq üçün, yeni və professional ətrafa ehtiyacları var. Onlar gələcəkdə isti münasibət bəslədikləri müəllimlərindən, təlim mərkəzinin əməkdaşlarından yeni iş imkanları ilə bağlı məlumat ala bilərlər və hətta həmin kursla isti əməkdaşlığa görə orada çalışmaq üçün müraciət də edə bilər. Bu səbəbdən onlar təlim mərkəzlərini seçə bilirlər. Deməli, təlim mərkəzi olaraq siz öz netvorkinq şəbəkənizi yaratmalısınız.

Dostlar, yuxarıda sizə araşdırmamızın nəticəsini, diqqət etdiyimiz məqamları paylaşdıq. Əgər siz də təhsil biznesinə sahibsinizsə, çox yaxşı bilirsiniz ki, təhsil biznesi elə də marjası olmayan, əziyyəti çox olan biznesdir. Amma, digər bizneslərdən üstün olan xüsusiyyətlərindən biri də odur ki, bu biznes sayəsində cəmiyyətimiz üçün daha çox əlavə dəyər yarada bilərik, ÜDM-in artımında bizim də payımız ola bilər. Bizim hər birimizin inkişafı, keyfiyyətli təhsil naminə öz təcrübələrinizi paylaşmaq istəsəniz bloqumuzda dərc edə bilərik.

Şəxsi brendini inkişaf etdirmək istəyən dostlarımıza da 22000-dən çox abunəsi olan Youtube kanalımızın, gündəlik 1500 ortalama baxışı olan bloqumuzun qapılarını aça, yaratdıqları məzmunu paylaşa bilərik.

Hörmətlə,

İnnab MindLab komandası.

Əlaqəli yazılar