Əlaqəli yazılar

“Motivasiyonal harmoniyanın sirri ətrafınıza topladığınız insanları doğru seçməkdir…” Pərviz Məmmədov

Karyera planı sadecə iş həyatımıza deyil, eyni zamanda ictimai-soial həyatımıza da əsaslı şəkildə təsir edib,  formalaşdırır. Ona görə də düzgün və düşünülmüş meyarlara əsaslanan  karyera planlanı hazırlamaq çox vacibdir. Bugün  müsahibim Pərviz bəylə “ İş həyatı və düzgün karyera planın qurulması” haqqında danışmaq qərarına gəldik. Həmsöhbətim Pərviz Məmmədov xarici və yerli neft  şirkətlərində uzun illər çalışmış bir mütəxəssis, eyni zamanda şəxsi inkişaf və səriştəlilik mövzusuna xüsusi önəm verən  layihələrin təsisçisidir. 

  • Pərviz bəy, sizcə iş həyatının açar konseptləri və diqqət edilməli məqamları nələrdir?

İnsanın bir şirkətdə özünü doğrultması üçün texniki bilikləri ilə yanaşı “soft skills” bacarıqları ünsiyyət, insanlarla işləmək, liderlik, stresi idarə etmək və bir çox xüsusiyyətlər önəmli rol oynayır. Araştırmalar da göstərir ki, karyerada uğur qazanmaq üçün 70% soft skills bacarıqlar, 30% isə texniki bacarıqlar əsaslı əhəmiyyət kəsb edir. Lakin əksər insanlar bunun əksi olduğunu düşünür ki, bu da doğru yanaşma deyil. Hətta  karyera pillələrinə nəzər salsaq görərik ki, nisbətən aşağı pillələrdə texniki bacarıqlar daha çox istifadə edildiyi halda, yuxarıya doğru qalxdıqca artıq insanlarla ünsiyyət, liderlik və komanda işi xüsusi önəm daşıyır. Digər bir məqam isə çalışdığınız qurumlarla mənəvi, emosional bağlar qurmamağa çalışın. Bununla yanaşı daima yeni imkanlara, fürsətlərə açıq olub, təklifləri dəyərləndirilməyə çalışın.

  • İş və şəxsi həyat arasında balans qurmanın yolları haqqında nə kimi tövsiyyələr verərdiniz?

Kariyera başlanğıcında olan hər bir şəxs üçün ilk zamanlar bu balansı qorumaq çətin olacadır. Bunu ancaq karyerasında müəyyən səviyyəyə gəlmiş şəxslər  edə bilər. Eyni zamanda müsəssisə daxili qaydalar da bu prossesdə müəyyən qədər rol oynayır. Əgər şirkətdə səhər rəhbərdən öncə gəlinib, axşam rəhbərdən sonra çıxılırsa orada mən müqaviləmdə qeyd edilən zamanda çıxacam demək çox da uğurlu nəticə verməyəcək, yaxşı qarşılanmayacaqdır. Ona görə öncədən işə gəlməzdən əvvəl bu şərtlər araştırılmalı, prioritetləri müəyyənləşdirib   sizə uyğundursa fəaliyyətə başlayın. Bundan əlavə zamanın idarə edilməsi və iş bölgüsünün düzgün təşkili də mühüm əhəmiyyət kəsb edir.

  • Fərqli insanlarla bir mühitdə uzun  saatlar  keçirdiyimizi nəzərə alsaq, ünsiyyətdə  ən effektiv davranış metodlarını necə müəyyənləşdirə bilərik?

İş həyatında çalışdığımız kollektiv təbii olaraq müxtəlif xarakterli insanlarlardan təşkil olunmuşdur. Buna görə də maraqların toqquşması halları qaçılmazdır. Ünsiyyət quran zaman iş həyatında sizə gərək duyulan dərəcədə yaxınlıq və səmimiyyət qurulmalı, müəyyən subardinasiya qaydaları gözlənilməlidir.

İş həyatında yalnız fərdi şirkətinizə sahib olan zaman tamamilə istədiyiniz şəkildə ünsiyyət yarada  və ya sizin xarakterinizə uyğun insanlarla çalışa bilərsiniz. Bunun yolu isə  həmin insanlar müəyyən anket və ya müsahibələr yolu ilə  xüsusi  prossesi ilə seçilərsə həyata keçirilə bilər.

  • Pəşəkar səriştələr dedikdə nələr nəzərdə tutulur? Seçilmiş namizəd olmaq üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır?

Peşəkar səriştələr fəaliyyət sahələri baxımından fərqlilik göstərir.   Əgər satış sahəsində karyera qurmağı planlaşdırırsınızsa, siz insanları inandırmaq, onlara təsir etmək, yaxşı ünsiyyət bacarıqları, güvən aşılamaq kimi xüsusiyyətlərə malik olmalısınız. Yox əgər siz layihə meneceri olaraq karyera qurmağı hədəfləyirsinizsə o zaman liderlik, komanda ilə işləmə bacarığı, idarəetmə, düzgün iş bölgüsü və birçox səriştələrə sahib olmaq lazımdır. Nəticə etibarı ilə konkret punktlar sadalamaq yerinə öz sahənizin öncəliklərini və lazımi keyfiyyətlərini müəyyənləşdirib bu istiqamətdə püxtələşməyə çalışmaq daha məqsədə uyğundur.

  • Dəyişim, inkişaf və uğur döngüsü üçün psixoloji və motivasiyonal harmoniya mənbələri necə daim işlək vəziyyətdə saxlana bilər?

Motivasiya faktoru yaş dövləri ilə birgə dəyişən bir vəziyyətdir. Belə ki, yirmili yaşların başlanğıcında insan daha yaxşı həyat və imkanlar əldə etmək üçün xüsusi  ambisiyalı və  həvəsli olur, əlindən gələnin də artığını etməyə səy göstərir. Motivasiya probleminin təməlində özünə inamsızlıq, özü barəsində müsbət fikirdə olmamaq və  uğur qazanma ehtimalına inamsızlıq dayanır.

Təcrübələr göstərir ki, artıq otuzlu yaşların başlanğıcında  motivasiyada müəyyən bir qədər azalma halları özünü göstərir. Səbəb isə artıq müəyyən qədər hədəfləri gerçəkləşdirmiş olmaq, yaşanılan  təcrübələr  və bir çox hallardır. Artıq insan daha çox konfort və rahatlıq axtrışında olub, yeni mübarizələrə daha az həvəsli olur. Artıq əlində olanları saxlamaq üçün səy göstərir. Bu normal haldır, lakin diqqətli olmaq lazımdır ki, bu xroniki tənbəllik halına çevrilməsin.

Daimi olaraq motivasiyanal harmoniyada qalmaq üçün önəmli meyarlardan biri də ətrafımıza topladığımız insanları doğru seçmək olacaqdır. Təbii ki, sevdiyimiz insanlarla vaxt keçirmək bizim üçün çox xoş bir haldır, lakin təəssüf ki, bu bizə yeni məqsədlər, şəxsi inkişaf və hədəflər üşün az hallarda ambisiya verir. Ona görə də, eyni zamanda  olmaq istədiyimiz, yaratmaq istədiyimiz versiyada olan insanlarla da eyni mühitdə olmağa səy göstərməliyik. Onlarla aparılan söhbətlər  sizi ruhlandırıb, öz üzərinizdə daha çox çalışmağa sövq edəcəkdir.

  • Professional kimdir və professionallığımızın dərəcəsini, yəni mövcud vəziyyətimizi necə doğru şəkildə müəyyənləşdirə bilərik?

İlk olaraq professionnal dedikdə öz işini doğru şəkildə həyata keçirməyi bacaran insanlar, işçilər nəzərdə tutulur. Təcrübələr göstərir ki, bir insanın hər hansı bir sahədə professional olması üçün  aktiv şəkildə o işə 10.000 saat sərf etməsi lazımdır. Əgər siz işdə 8 saat çalışır, lakin bunun sadecə üç saatını konkret işinizə sərf edir, geri qalan saatlarda isə sadecə vaxtınızı boşuna sərf edirsinizsə, o zaman burada  profesionallıqdan söhbət gedə bilməz. Yəni bir sahədə tam profesional olmaq üçün minimum 10-15 il aktiv şəkildə fəaliyyət göstərmək, öz üzərində davamlı şəkildə çalışmaq lazımdır.

Müsahibəni hazırladı: Gülçin Mahmudzadə 

Əlaqəli yazılar