Əlaqəli yazılar

Office 365 – SORT & SORTBY formula

SORT və SORTBY (Sıralama) funksiyaları OFFICE 365 istifadəçilərinə təqdim olunmuş Dynamic Arrays funksiyalarındandır. Bu funksiyalar istənilən verilənlər bazasında sıralama əməliyyatını yerinə yetirərək dinamik massiv yaradırlar. Bu funksiyalarsız SORT əməliyyatı HOME(Əsas səhifə) və ya DATA(Verilənlər) panelindən SORT&FİLTER menyusuna daxil olunmaqla yerinə yetirilir.

            SORT funksiyasının sintaksisi aşağıdakı kimidir:

  1. Array(diapazon) – sıralama əməliyyatı tətbiq edilən diapazondur.
  2. [Sort_index](sıra indeksi) – sıralama əməliyyatı yerinə yetiriləcək sətir və ya sütunun nömrəsidir, susmaya görə 1 olur.
  3. [Sort_order](sıralama qaydası) – iki dəyər qəbul edir: 1 artan sıra ilə(susmaya görə), -1 azalan sıra ilə.
  4. [By_col](sütunlar üzrə sıralama) – iki dəyər qəbul edir: TRUE sütunlar üzrə sıralayır, FALSE sətirlər üzrə sıralayır(susmaya görə).

SORTBY funksiyasının sintaksisi aşağıdakı kimidir:

  1. Array(diapazon) – sıralama əməliyyatı tətbiq edilən diapazondur.
  2. By_array1(diapazona görə) – sıralama əməliyyatı yerinə yetiriləcək diapazondur. Bu diapazonun hündürlüyü 1 sətir və ya eni 1 sütun olmalıdır, digər ölçüsü isə birinci parametrə daxil olunan diapazonun uyğun ölçüsünə bərabər olmalıdır, əks halda funksiya #VALUE! xətasını qaytaracaq.
  3. [Sort_order1](sıralama qaydası) –iki dəyər qəbul edir: 1 artan sıra ilə (susmaya görə), -1 azalan sıra ilə.

Sintaksislərindən də göründüyü kimi bu funksiyalar demək olar ki, eyni əməliyyatları yerinə yetirirlər, lakin SORT funksiyası ilə ancaq 1 sətir və ya  sütuna görə sıralama əməliyyatı yerinə yetirmək mümkündür. SORTBY funksiyasına isə maksimum 126 sıralama qaydası daxil etmək olar.

Fərz edək ki, aşağıdakı məlumat cədvəlini əməkdaşların adına görə əlifba sırası ilə sıralamaq lazımdır. Bunu hər iki funksiyanın köməkliyi ilə etmək mümkündür:

=SORT(A2:D18,1,1,FALSE).

=SORTBY(A2:D18,A2:A18,1).

Sıralama əməkdaşların adlarına görə aparıldığından və bu da verilənlərin birinci sütunu olduğundan SORT funksiyasına ikinci parametr kimi 1, SORTBY funksiyasına isə A2:A18 diapazonu daxil edilmişdir.

Göründüyü kimi, hər iki funksiya ilə eyni nəticə əldə olunur:

Eyni verilənlər əvvəl filiallara görə əlifba sırası ilə sonra isə maaşa görə azalan sıra ilə sıralanmalı olsa SORTBY funksiyasından istifadə edilməlidir. Çünki yuxarıda qeyd edildiyi kimi SORT funksiyası bu məsələnin öhdəsindən gələ bilməyəcəkdir:

=SORTBY(A2:D18,B2:B18,1,C2:C18,-1)

Sütun üzrə sıralamanı da hər iki funksiya ilə etmək mümkündür. Eyni verilənləri başlıq sətrinə görə sıralamaq lazım olsa bu funksiyalardan belə istifadə etmək lazımdır:

=SORT(A1:D18,1,1,TRUE).

=SORTBY(A1:D18, A1:D1,1).

Bunun üçün sadəcə SORT funksiyasının sonuncu parametrini TRUE etmək lazımdır, bu zaman ikinci parametr kimi daxil edilən 1 sıralamanın 1-ci sətirə uyğun aparıldığını bildirir. SORTBY funksiyasına isə sıralama əməliyyatı yerinə yetiriləcək diapazon kimi A1:D1 diapazonunu daxil etmək lazımdır.

SORT funksiyası ilə işləyərkən nəzərə almaq lazımdır ki, verilənlərə sütun və ya sətir əlavə edildikdə bu funksiyanın ikinci patametri(sıralama əməliyyatı yerinə yetiriləcək sətir və ya sütunun nömrəsi) buna uyğun olaraq dəyişmir. Bu isə sıralamada bəzi problemlərə səbəb ola bilər. SORTBY funksiyasında isə bu parametr diapazon olduğundan cədvələ sətir və ya sütun əlavə edildikdə ona uyğun dəyişir.

Aşağıdakı şəkildə verilənlər filiallar üzrə əlifba sırası ilə düzüldükdən sonra cədvələ yeni sütun əlavə olunmuşdur:

Dərsin faylını yüklə: SORT&SORTBY

____________________________________________________________________________________________________________________________

Buradaykən, Sizdən kiçik bir xahişimiz var. Bildiyiniz kimi, biz – “INNAB” komandası olaraq ana dilində peşəkar inkişafı təmin etmək məqsədi ilə məzmun (kontent) yaratmaqla da məşğuluq. İşinə məsuliyyətlə və həvəslə yanaşan komandamız bu işi təmənnasız şəkildə yerinə yetirir. Komandamız məzmunlarımızın daha çox insanların izləməsini görüb daha da motivasiya olur. Bu işdə sizin də dəstəyinizə ehtiyacımız var. Bu postu paylaşmaqla, həmçinin hər baxıb bəyəndiyiniz videoları, məqalələri daha çox insana tövsiyyə etməklə, youtube kanalımıza, bloqumuza, facebook/linkedin/instagram səhifəmizə abunə olmaqla həm bizi motivə edə, həm də peşəkar inkişafınız üçün zəmin yarada bilərsiniz.